Boğulanların hər ikisi azyaşlıdır.
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib.
Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.
14:48
Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.
43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.
14:08
Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.
Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.
Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.
12:58
Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.
Azyaşlı tüstüdən boğularaq ölüb.
Ölənlərin kimliyi dəqiqləşdirilir.
Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
12:27
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıda Azadlıq prospektində yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanlar və yaralananlar var.
Hazırda onların sayı və şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edək ki, yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin helikopterləri də cəlb edilib.
11:39
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda binada yanğının miqyası azalıb, lakin sakinlərdən öz evlərini tərk edə bilməyənlər var.
Hazırda FHN əməkdaşları onların təxliyyə olunması üzrə tədbirlər həyata keçirirlər.
11:11
Bakının Azadlıq prospektində 9 mərtəbəli binada güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Facebook-da jurnalist Əzizə İsmayılova yerləşdirib.
Bildirilir ki, hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Binanın üzlüyü alışıb.